logo

İran ABŞ-a məxsus pilotsuz uçan aparatı vurub

14:51 20-06-2019 | icon 2779
İran ABŞ-a məxsus pilotsuz uçan aparatı vurub

İran beynəlxalq hava məkanında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “MQ-4C Triton” tipli pilotsuz uçan aparatı vurub.

YeniAvropa  "Reuters" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri məlumat yayıb.

“İran Hörmüz boğazı üzərində beynəlxalq hava məkanında “yer-hava” tipli raket vasitəsilə ABŞ Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatı vurub”, - bəyanatda belə deyilir.

Bir qədər əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin cənubunda Hormozqan əyaləti üzərində Amerikaya məxsus pilotsuz uçan aparatının vurulduğu barədə məlumat yaymışdı. Lakin ABŞ nümayəndələri pilotsuz uçan aparatlarının İslam respublikasının hava məkanına daxil olması faktını təkzib etmişdilər.

“Northrop Grumman” korporasiyası tərəfindən “Global Hawk Block 40” pilotsuz uçan aparatının bazasında xüsusi olaraq Hərbi Dəniz Qüvvələri üçün hazırlanan və uzunluğu 14,5 metrə çatan “MQ-4C Triton” reaktiv mühərriklə təchiz edilib. O, 20 kilometr yüksəkliyə qalxaraq 30 saata yaxın havada qala bilir. İnfraqırmızı sensorlar komplekti və güclü radar böyük ərazidə yüksək dəqiqlikli informasiya toplamağa imkan verir.