Ehtimallara görə Visent Van Qoqun (1853-1890) özünə qəsd etdiyi “Lefaucheux” sistemli revolver iyunun 19-da Parisdə hərraca çıxarılacaq.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, “Drouot” satış evinin saytında yerləşdirilən məlumata əsasən, paslanmış revolver hadisənin baş verdiyi tarlada tapılıb. Lot 40-60 min avro dəyərində qiymətləndirilir.
Xatırladaq ki, Van Qoq 1890-cı ilin mayında qardaşı Teonun məsləhəti ilə Fransanın şimalında yerləşən Over-sür-Uaz kommunasına köçmüşdü. Həmin vaxta qədər rəssamın psixi vəziyyəti xeyli pisləşmişdi. İyulun 27-də Van Qoq rəsm çəkmək üçün alətlərini götürüb Over-sür-Uaz qəsrinin arxasındakı tarlaya gəlmiş və orada intihar etmişdi.
1960-cı ildə yerli fermerlərdən biri revolveri tapıb və silahın hazırkı sahibinin valideynlərinə verib.