logo

Misirin sabiq prezidenti Məhəmməd Mursi Qahirədə dəfn olunub

12:50 18-06-2019 | icon 8603
Misirin sabiq prezidenti Məhəmməd Mursi Qahirədə dəfn olunub

İyunun 17-də məhkəmə zamanı ürək tutmasından vəfat edən Misirin sabiq prezidenti Məhəmməd Mursi Qahirə şəhəri yaxınlığında dəfn olunub.

 YeniAvropa  “Al Jazeera” telekanalına istinadla xəbər verir ki, sabiq dövlət başçısının oğlu Əhməd Mursinin “Twitter” səhifəsində yer alan məlumatına əsasən, dəfn mərasimi iyunun 18-də Qahirənin Mədinət-Nəsr rayonunda keçirilib.

Xatırladaq ki, Məhəmməd Mursi əsas müttəhim kimi keçdiyi casusluq işi üzrə məhkəmə iclasında huşunu itirib və özünə gəlmədən vəfat edib. Misir dövlət televiziyasının yaydığı məlumata əsasən, sabiq dövlət başçısının ölümünə ürək tutması səbəb olub.

Hələ 2014-cü ildə Mursinin vəkilləri onun epilepsiyadan əziyyət çəkməsi barədə tibbi sənədləri məhkəməyə təqdim etmişdilər. Bir vaxtlar keçirdiyi beyin əməliyyatı sonradan onda davamlı olaraq təkrarlanan kəskin tutmalara səbəb olmuşdu. Məhəmməd Mursinin ev dustaqlığına keçirilməsinə çalışan vəkillərin sözlərinə görə, Misirin sabiq dövlət başçısı belə diaqnozla biradamlıq kamerada təcrid oluna bilməzdi.

“Müsəlman qardaşları” assosiasiyasının lideri olan Məhəmməd Mursi 2012-ci ildə Misirdə keçirilən prezident seçkilərində qələbə qazandıqdan bir il sonra hərbi çevriliş nəticəsində vəzifədən kənarlaşdırılmış və həbs olunmuşdu. Casusluq, dövlətə xəyanət və etirazçılara hücum maddələri üzrə ittiham olunan Mursi bəzi epizodlara görə ölüm hökmünə və ömürlük həbs cəzasına məhkum edilmişdi.