Hindistanın hərbi aviasiyası iyunun 3-də ölkənin şimal-şərqində radarlardan itən "An-32" hərbi-nəqliyyat təyyarəsinin qalıqlarını aşkarlayıb.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Hərbi Hava Qüvvələrinin nümayəndəsi deyib.
“Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 helikopteri itən An-32 təyyarəsinin qalıqlarını ölkənin şimal-şərqində Lipo yaşayış məntəqəsindən 16 kilometr məsafədə dəniz səviyyəsindən 3650 metr hündürlükdə aşkarlayıb”, - deyə o, bildirib.
Qəza zamanı təyyarənin göyərtəsində olan insanların taleyi barədə məlumat verilmir.
Xatırladaq ki, Assam ştatının Corhat şəhər aeroportundan havaya qalxaraq ölkənin şimal-şərqində yerləşən Arunaçal-Pradeş ştatına uçan Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "An-32" hərbi-nəqliyyat təyyarəsi iyunun 3-də yerli vaxtla saat 12:25-də radarlardan itmişdi. Pilotlar təyyarə havaya qalxdıqdan 35 dəqiqə sonra dispetçerlə axırıncı dəfə əlaqə saxlayıb. Təyyarənin göyərtəsində səkkiz ekipaj üzvü və beş sərnişin olub.