logo

İqor Dodon Moldova parlamentinin buraxılması barədə fərmanı ləğv etdi

13:55 11-06-2019 | icon 3276
İqor Dodon Moldova parlamentinin buraxılması barədə fərmanı ləğv etdi

Moldova prezidenti İqor Dodon ölkə parlamentinin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə fərmanı ləğv edib.

 YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, İqor Dodon bu barədə Ali Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən brifinqdə deyib. İclasda baş prokuror Eduard Horunjenin və Moldova Milli Bankının sədri Sergey Çoklyanın iştirak etmədiyi bildirilir.

Prezidentin sözlərinə görə, Demokratik Partiyanın vitse-prezidenti Pavel Filipin fərmanı konstitusiyaya ziddir. O, həmçinin Konstitusiya məhkəməsinin parlamentin buraxılmasına haqq qazandırmaq və baş nazir Mayya Sandu hakimiyyətinin formalaşdırılmasını qanunsuz hesab etmək barədə qərarını tənqid edib. Dodonun fikrincə, bu addım ölkənin təhlükəsizliyini təhlükə altında qoyur.

Qeyd edək ki, iyun ayının əvvəlindən başlayaraq Moldovada daxili siyasi vəziyyət yenidən gərginləşib. Rusiyayönümlü Sosialist Partiyası və Avropa təmayüllü ACUM bloku iyunun 8-də parlament çoxluğu formalaşdırıb və ölkədə üç aylıq fasilədən sonra Mayya Sandunun rəhbərliyi ilə yeni hökumət qurulub. Lakin Konstitusiya məhkəməsi bu qərarları qanunsuz sayıb və ertəsi gün Demokratik Partiyanın sədr müavini Pavel Filipi parlamenti buraxmaq və sentyabrın 6-na növbədənkənar seçkilər təyin etmək barədə fərman imzalamaq üçün müvəqqəti prezident təyin edib.

Parlament isə buna cavab olaraq hakimiyyətdə olan Demokratik Partiyanı hakimlərin əli ilə hakimiyyəti mənimsəmək cəhdində ittiham edib.