logo

Qazaxıstan bu gün yeni prezidentini seçir

09:31 09-06-2019 | icon 3192
Qazaxıstan bu gün yeni prezidentini seçir

Bu gün, iyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.

 YeniAvropa "Kazinform" agentliyinə istinadla xəbər verir ki, səsvermə yerli vaxtla saat 7:00-da başlayıb və saat 20:00-dək davam edəcək. Seçicilər ölkə ərazisində və onun hüdudlarından kənarda yaradılmış 9968 seçki məntəqəsində səs verirlər. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının seçicilər reyestrinə səsvermə hüququ olan 11 milyon 814 min vətəndaş daxil edilib.

Səslərin hesablanması və protokolların tərtib edilməsi səsvermə başa çatdıqdan dərhal sonra başlayacaq və 12 saatdan gec olmayaraq yekunlaşacaq. Səsvermənin yekunları bir həftə ərzində, yəni iyunun 16-dək dərc olunmalıdır.

Qeyd edək ki, seçkilərdə mart ayında prezident Nursultan Nazarbayevin istefa verməsindən sonra müvəqqəti dövlət başçısı təyin edilmiş Kasım-Jomart Tokayevlə birgə daha 6 namizəd mübarizə aparır.

Xatırladaq ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi geniş nümayəndə heyəti  Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfər edib. MSK təmsilçiləri, həmçinin ATƏT/DTİHB, MDB və Türk Şurasının tərkibində də sözügedən seçkilərin müşahidə edəcəklər. Onlar həm paytaxt Nur-Sultanda, həm də  bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.