İyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
YeniAvropa "Kazinform" agentliyinə istinadla xəbər verir ki, səsvermə yerli vaxtla saat 7:00-da başlayacaq və saat 20:00-dək davam edəcək. Seçicilər ölkə ərazisində və onun hüdudlarından kənarda yaradılmış 9968 seçki məntəqəsində səs verəcəklər. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının seçicilər reyestrinə səsvermə hüququ olan 11 milyon 814 min vətəndaş daxil edilib.
Səslərin hesablanması və protokolların tərtib edilməsi səsvermə başa çatdıqdan dərhal sonra başlayacaq və 12 saatdan gec olmayaraq yekunlaşacaq. Səsvermənin yekunları bir həftə ərzində, yəni iyunun 16-dək dərc olunmalıdır.
Qeyd edək ki, seçkilərdə mart ayında prezident Nursultan Nazarbayevin istefa verməsindən sonra müvəqqəti dövlət başçısı təyin edilmiş Kasım-Jomart Tokayevlə birgə daha 6 namizəd mübarizə aparacaq.