logo

“Çelsi” - “Arsenal” görüşünün birinci hissəsində hesab açılmadı

23:49 29-05-2019 | icon 3514
“Çelsi” - “Arsenal” görüşünün birinci hissəsində hesab açılmadı

Mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda final qarşılaşmasında – “Çelsi” – “Arsenal” matçının birinci hissəsində hesab açılmayıb.

YeniAvropa xəbər verir  ki, italiyalı referi Canluka Rokkinin idarə etdiyi oyunda nominal ev sahibinin - “Çelsi”nin start heyətində meydana Kepa Arrisabalaqa (1), Sezar Aspilikueta (28), Andreas Kristiensen (27), David Luis (30), Emerson Palmieri (33), Mateo Kovaçiç (17), Jorjinyo (5), Nqolo Kante (7), Pedro Rodriqes (11), Oliviye Jiru (18) və Eden Hazard (10) çıxıblar.

“Arsenal” klubunun start heyətində isə Petr Çex (1), Sead Kolaşinats (31), Loran Koselni (6), Sokratis Papastatopulos (5), Naço Monreal (18), Enzli Meytlend-Naylz (15), Qranit Xaka (34), Lukas Torreyra (11), Pyer-Emerik Obameyanq (14), Mesut Özil (10) və Aleksandr Lakezet (9) yer alıblar.

Görüşdə ilk təhlükəli vəziyyəti matçın 9-cu dəqiqəsində “Arsenal” futbolçuları yaradıblar. Sağ cinahdan başlanan hücumda Enzli Meytlend-Naylzın rəqibin qapıçı meydançasına ötürdüyü topu qolkiper dəf etsə də, özünü yetirən Məsud Özilin vurduğu top qapıdan bir qədər aralı keçdi.

Matçın 28-ci dəqiqəsində “Arsenal”ın hücumçusu Aleksandr Lakazetin komanda yoldaşı Obameyanqın ideal hava ötürməsini başla dəqiq tamamlamasına son anda müdafiəçi mane oldu. Hücumu davam etdirən Qranit Xakanın qüvvətli zərbəsindən sonra top bir qədər qapının üstündən keçdi.

Bu hücumdan sonra sürətli əks-hücuma keçən “Çelsi” futbolçuları təhlükəli vəziyyət yaratdılar. “Topçular”ın cərimə meydançasına ötürülən topa Sezar Azpilikueta qüvvətli zərbə vursa da, müdafiəçi Sokratis Papastatopulos təhlükəni sovuşdurdu.

Qarşılaşmanın 34-cü dəqiqəsində isə “Çelsi”nin hücumçusu Emerson Palmierinin yaxın məsafədən qüvvətli zərbəsini qapıçı Petr Çex dəf etdi. Beş dəqiqə sonra çexiyalı qapıçı Oliver Jirunun qüvvətli zərbəsini çətinliklə dəf edərək komandasını qoldan xilas etdi.

Birinci hissənin qalan dəqiqələrində hesab dəyişməyib və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.