logo

Avstriya parlamentində kanslerə  etimad səsverməsi keçiriləcək

14:20 24-05-2019 | icon 2814
Avstriya parlamentində kanslerə  etimad səsverməsi keçiriləcək

Avstriyada hökumət böhranı çərçivəsində Federal kansler Sebastian Kurts da öz postunu itirmək təhlükəsi ilə üz-üzədir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Avstriya parlamentində təmsil olunan ən kiçik müxalifət partiyası JETZT (İNDİ) parlamentdə Federal kanslerə qarşı etimadsızlıq göstərilməsini gündəmə gətirib. Partiyanın müraciəti əsasında gələn həftə parlamentdə bu məsələyə baxılacaq. Partiya tərəfindən verilən açıqlamada baş vermiş video qalmaqalında S.Kurtsun da məsuliyyət daşıdığı qeyd olunur, Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi Avstriya Azadlıq Partiyasını koalisiyalı hökumətə dəvət etdiyinə görə kanslerin tutduğu vəzifədən getməli olduğu yer alır.

JETZT 183 yerlik parlamentdə yeddi mandatla təmsil olunduğuna görə etimadsızlıq məsələsində digər partiyaların dəstəyinə ehtiyacı var. Parlamentdə 52 mandatla təmsil olunan Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və hökumətdəki bütün nazir postlarını itirdikdən sonra müxalifətə keçən, parlamentdə 48 mandata sahib olan Avstriya Azadlıq Partiyasının (FPÖ) təmsilçiləri açıq şəkildə mövqe bildirməsələr də, etimadsızlıq səsverməsində kanslerə qarşı mövqe tutma ehtimalları yüksəkdir. Parlamentdə yeganə fraksiya kimi NEOS partiyasından (10 mandat) bildirilib ki, kanslerə etimadsızlıq ölkədəki hazırkı siyasi böhranı daha da dərinləşdirə bilər.

S.Kurts isə qarşıdakı səsverməni nəzərə alaraq parlamentdə təmsil olunan bütün partiyaların rəhbərlərini görüşə dəvət edib və onlara keçid dövrü hökumətinin fəaliyyət planını açıqlayıb. Görüşdən sonra mətbuata verilən müsahibələrdə mayın 27-də keçiriləcək parlament iclası və etimad səsverməsində müxalifətin də vahid mövqeyə malik olmadığı müşahidə olunub.