Ankara Cümhuriyyət Baş Prokurorluğu FETÖ-yə üzv olan və bu terror təşkilatına xidmət edən daha 249 nəfərin həbsi ilə bağlı sanksiya verib.
YeniAvropa Ankara Cümhuriyyət Baş Prokurorluğunun rəsmi saytına istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər 2010-2013-cü illərdə Xarici İşlər Nazirliyinə işə girmək məqsədi ilə test imtahanlarında saxtakarlıqdan bəhrələnənlərdir. Bildirilir ki, xarici dil fənlərinə aid imtahanın nəticələri bu şəxslərin xeyrinə saxtalaşdırılıb. Sanksiyaya əsasən, mayın 20-də ölkənin 42 vilayətində eyni vaxtda antiterror əməliyyatı keçirilib və 78 nəfər həbs olunub.
Digər bir rəsmi məlumatda isə bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən Hakurk bölgəsindəki PKK düşərgələrinə dağıdıcı zərbələr endirib. Bundan başqa, bir neçə gün əvvəl təhlükəsizlik qüvvələrinə təslim olan "Kava" ləqəbli Behrüz Düdükkanlu PKK terror təşkilatının Türkiyə ərazisindəki sığınacaq və silah anbarları barədə əhəmiyyətli məlumatlar verib. Bu informasiyalar əsasında, çoxlu sayda silah anbarı məhv edilib.