logo

Nur-Sultanda Atatürkün Milli Mücadiləni başlatmasının 100 illiyi qeyd olunub

15:10 18-05-2019 | icon 3234
Nur-Sultanda Atatürkün Milli Mücadiləni başlatmasının 100 illiyi qeyd olunub

Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Nur-Sultanda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Milli Mücadiləni başlatmasının 100 illiyi münasibətilə “Tarixdən ibrət: Türk Milli Mücadiləsi və Atatürk” adlı konfrans keçirilib.

 YeniAvropa xəbər verir ki, Türkiyənin Qazaxıstandakı səfirliyi və Yunus Əmrə Mədəniyyət Mərkəzinin dəstəyi ilə Milli Akademik Kitabxanada baş tutan konfrans çərçivəsində fotosərgi təşkil olunub və Atatürkün Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə olunmuş “Nitq” (“Nutuk”) əsərinin təqdimatı keçirilib.

Tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Türkiyənin səfiri Nevzat Uyanık, bir sıra ölkələrin Nur-Sultandakı diplomatik təmsilçiliklərinin nümayəndələri, deputatlar, tanınmış dövlət xadimləri, türkoloqlar iştirak ediblər.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali bildirib ki, Mustafa Kamal Atatürk başlatdığı Milli Mücadilə ilə bütün türk dünyasının gələcəyinə böyük təsir göstərib, xalqlarımızın istiqlalına qovuşmaq arzusunu alovlandırıb və onların yenidən azadlıq əldə etməsinə bir mayak olub. Akademiya rəhbəri ölkənin qurucu Prezidenti Nursultan Nazarbayevin iştirakı ilə Nur-Sultanda Atatürkün şərəfinə ucaldılan heykəlin onun şəxsiyyətinə və fəaliyyətinə hörmətin göstəricisi olduğunu qeyd edib.

D.Kıdırali bildirib ki, Mustafa Kamal Atatürkün Samsuna çıxışı ilə başlayan Milli Mücadilə sadəcə Türkiyənin deyil, bütün türk dünyasının yenidən dirçəlişini başlatmış oldu.

Səfir Nevzat Uyanık bildirib ki, türk dünyası üçün ibrətverici və böyük tarixi önəm daşıyan “Nitq” kitabının gənc nəslin milli ruhda tərbiyəsində böyük önəmi var. Oxucular bu kitab vasitəsilə qardaş Türkiyə dövlətinin quruluşunun təməl prinsiplərini və milli mücadilənin inkişafını yaxından öyrənmək fürsəti əldə edəcəklər.

Konfransda Türk Şurası Ağsaqqallar Şurasının Qazaxıstandan olan üzvü Adil Axmetov, tanınmış dövlət xadimi Mırzatay Joldasbekov və digərləri Mustafa Kamal Atatürkün türk dünyasının tarixində oynadığı rolla bağlı məruzələr ediblər.

Tədbirdə qeyd olunub ki, Türkiyənin milli mücadiləsinə qardaş türk ölkələrindən, o cümlədən Azərbaycandan və Qazaxıstandan könüllü şəkildə minlərlə insan qatılıb, ölkənin işğalçılardan təmizlənməsində canlarını veriblər. Qazax milli şairi Mağcan Cumabayev “Uzaqdakı qardaşıma” şeiri ilə qazax xalqının dəstəyini və könül bağını ifadə etməklə yanaşı, o günlərin ağır mənzərəsini canlandırıb.

Tədbirdə Milli Mücadilə ilə bağlı Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanan qısa film nümayiş etdirilib, qazax tələbələr tərəfindən Atatürk haqqında şeirlər oxunub.