Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə edam cəzasını bərpa etməyə hazır olduğunu bir daha bildirib.
YeniAvropa "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə lideri bu barədə fikrini Eregli şəhərində keçirilən mitinqdə səsləndirib.
“Biz səhvə yol verdik, ölüm cəzasını ləğv etdik. Məncə, səhv etmişik. Niyə? 15 iyun gecəsi 51 vətəndaşımızı, əsgərimi, polisimi şəhid edənləri həbsxanada bəsləmək belə mənə ağır gəlir. Həmişə demişəm, yenə deyirəm, əgər bizim parlamentimiz bununla bağlı belə bir qərar verərsə, mən onu təsdiqləyərəm”, - deyə Ərdoğan vurğulayıb.
Dövlət başçısı Yeni Zelandiyada baş verən terror aktına da münasibət bildirərək deyib: “Əgər Yeni Zelandiya hökuməti lazım olan tədbirləri görməzsə, bunu biz edəcəyik. Yeni Zelandiya hakimiyyəti ilə bunu sürəkli müzakirə edirəm. Terrorçu ən sərt cəzanı almalıdır”.
Türkiyə prezidenti hələ 2018-ci ilin avqustunda ölkədə ölüm hökmünün bərpasına hazır olduğunu bildirmişdi. Onun sözlərinə görə, ölkəsi “mövzuya çox həssaslıqla yanaşır” və əgər müvafiq qanun parlament tərəfindən təsdiqlənsə, o, qanunu ratifikasiya edəcək.