Tbilisidə “NATO-Gürcüstan 2019” çoxmillətli komanda-qərargah hərbi təlimlərinin rəsmi açılışı olub
Martın 18-də Tbilisidə “NATO-Gürcüstan 2019” çoxmillətli komanda-qərargah hərbi təlimlərinin rəsmi açılışı olub.
YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, Gürcüstanın Müdafiə Nazirliyinin “Armyhall” zalında baş tutan tədbirdə müdafiə nazirinin müavini Lela Çikovani, NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) rəis müavini, briqada generalı Ladislav Jung və digər rəsmi şəxslər, hərbçilər iştirak ediblər.
General L.Jung bildirib ki, NATO ilə Gürcüstan arasında əlaqələr yüksək səviyyədədir. Birgə hərbi təlimlərin keçirilməsi bunun göstəricisidir. Təlimlərin əsas məqsədi NATO-ya üzv və tərəfdaş ölkələrin müdafiə imkanlarının gücləndirilməsi və təcrübə mübadiləsinə nail olmaqdır. Gürcüstan NATO-ya üzv olmayan yeganə dövlətdir ki, Alyansın genişmiqyaslı təlimlərinin keçirilməsinə dəstək göstərir.
L.Çikovani Gürcüstanın NATO təlimlərinə növbəti dəfə ev sahibliyi etməsindən qürur duyduğunu bildirib. Deyib ki, NATO ilə Gürcüstan arasında münasibətlər dinamik və intensiv inkişaf edir. “NATO-Gürcüstan 2019” təlimləri bunu bir daha sübut edir. Bu təlimlər, həmçinin Gürcüstanın NATO-ya üzv olması üçün hazırlıq səviyyəsinin gücləndirilməsinə xidmət edir.
Martın 29-na qədər davam edəcək təlimlərdə 24 ölkədən 350-yə yaxın hərbçi qatılacaq.
Təlimlər Tbilisi yaxınlığında NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi (JTEC) və Krtsanisi Milli Təlim Mərkəzində keçiriləcək.
“NATO-Gürcüstan 2019” təliminə Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC), BMT-nin Sülhməramlı Əməliyyatlar üzrə Departamenti (DPKO) və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) müşahidəçi və mentor qismində cəlb olunacaqlar.
Birinci “NATO-Gürcüstan” təlimi 2016-cı keçirilib.