Salome Zurabişvili ölkədə ikili vətəndaşlığın verilməsi prosedurlarını sadələşdirir
Gürcüstandan olan mühacirlərin öz ölkələri ilə əlaqə saxlamaları üçün ikili vətəndaşlığın verilməsi proseduru sadələşdirilməlidir. Bu, çox vacib məsələdir.
YeniAvropa xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili martın 6-da parlamentdəki çıxışında deyib. Xarici dövlətlərə səfərləri zamanı həmin ölkələrdə gürcü tələbələr və emiqrantlarla görüşündə bu məsələnin xüsusilə diqqət mərkəzində olduğunu vurğulayan prezident deyib: “Emiqrantlar, xüsusilə də xaricdə anadan olanlar üçün Gürcüstan vətəndaşı statusu çox əhəmiyyətlidir. Bu, onlara vətənləri ilə əlaqələrini qoruyub saxlamağa kömək edə bilər. Ona görə də ikili vətəndaşlıq prosedurları sadələşdirilməlidir”.
S.Zurabişvili ikili vətəndaşlığın verilməsi və saxlanılması qaydalarının sadələşdirilməsi istiqamətində Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edəcəklərini bildirib.