ABŞ-ın elektrik avtomobilləri istehsalçısı “Tesla Inc” bütün mağazalarını bağlayaraq məhsullarını yalnız internet vasitəsi ilə satacağını bildirib.
YeniAvropa “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, kompaniya bu yolla xərclərini azaltmağı və “Model 3” avtomobilinin qiymətini 35 min dollara qədər aşağı salmağı düşünür.
Bu məqsədlə kompaniyanın bir neçə mağazası bağlanacaq, digər ticarət nöqtələri isə potensial alıcılar barədə informasiyanın əldə edilməsi üçün saxlanacaq. Lakin müştərilər avtomobilləri yalnız internet vasitəsilə ala biləcəklər. Kompaniyanın baş icraçı direktoru İlon Maskın sözlərinə görə, Şimali Amerikada avtomobili telefon vasitəsi ilə cəmi bir dəqiqə ərzində almaq mümkün olacaq.
Kompaniya, həmçinin ənənəvi test-drayvlardan da imtina etməyi planlaşdırır. Bunun əvəzində elektrik avtomobilini əldə edən müştəri onu 7 gün ərzində və ya 1000 mil məsafə qət edənədək qaytara və ödədiyi pulları tam olaraq geri ala biləcək.
2018-ci ilin sonuna olan məlumata əsasən, “Tesla” kompaniyasının bütün dünyada 378 mağazası və servis mərkəzləri fəaliyyət göstərir.