logo

XİN: Kim Çen In ABŞ-la dialoqdan imtina edə bilər

17:59 01-03-2019 | icon 2996
XİN: Kim Çen In ABŞ-la dialoqdan imtina edə bilər

ABŞ-ın nüvəsizləşdirmə məsələsi üzrə mövqeyi KXDR lideri Kim Çen Inın Vaşinqtonla dialoqdan imtina etməsinə gətirib çıxara bilər.

YeniAvropa "Yonhap" informasiya agentliyinə istinadla xəbər verir ki, Şimali Koreyanın xarici işlər nazirinin müavini Soy Son Hi bu barədə şəxsi fikrini ifadə edib. Onun sözlərinə görə, KXDR artıq bir ildən çoxdur ki, ballistik raket və nüvə sılahı sınaqlarına moratorium qoyduğuna görə ən azı sanksiyaların qismən aradan qaldırılmasına layiqdir.

XİN-də nüvəsizləşdirmə və ABŞ-la münasibətlər məsələlərinə nəzarət edən nazır müavini gərginliyin azaldılması məqsədi ilə ölkəsinin artıq yetəri addımlar atdığını düşünür. Siyasətçi Donald Tramp administrasiyasını sammitin gedişində mövzuları dəyişdirməkdə günahlandırır. Onun sözlərinə görə, görüşün hazırlıq mərhələsində yalnız Yonbendəki nüvə kompleksinin ləğv edilməsindən söhbət getdiyi halda, amerikalılar sammitdə digər obyektlər barədə məsələ qaldırıb.

Xatırladaq ki, fevralın 27-28-də Hanoyda keçirilən ikinci ABŞ-KXDR sammiti vaxtından əvvəl başa çatıb. Tərəflər birgə mətbuat konfransından və yekun sənəd imzalamaqdan imtina ediblər. Bununla yanaşı, dialoqu davam etdirmək barədə razılıq əldə olunub.

ABŞ və KXDR arasında ilk sammit iyulun 12-də Sinqapurda baş tutmuşdu. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.