ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In Hanoyda keçirilən sammitin yekununa dair sazişə nail ola bilməyib. Tramp bəyan edib ki, ABŞ KXDR ilə saziş imzalamamağı qərara alıb və bu ölkəyə qarşı sanksiyalar qüvvədə qalacaq.
YeniAvropa xəbər verir ki, bu haqda Ağ Ev müvafiq bəyanat yayıb. “Bu dəfə heç bir saziş əldə olunmadi, lakin hər iki ölkə liderinin komandaları gələcəkdə görüşləri davam etdirməyi planlaşdırır”, - deyə sənəddə bildirilir.
Bəyanatda, həmçinin qeyd olur ki, Donald Tramp və Kim Çen In Hanoyda çox gözəl konstruktiv görüş keçirib. Liderlər nüvəsizləşdirilmə yollarını, həmçinin iqtisadi inkişaf konsepsiyasını müzakirə ediblər.
Xatırladaq ki, dövlət başçıları fevralın 28-də sammitin keçirildiyi “Sofitel Legend Metropole” otelini planlaşdırılan vaxtdan tez tərk ediblər.
Donald Tramp və Kim Çen In danışıqların ardınca işgüzar naharda geniş tərkibli görüş keçirməli, bundan sonra isə yerli vaxtla saat 16:00-da ABŞ prezidenti mətbuat konfransı verməli idi. Lakin nahar heç bir səbəb göstərilmədən ləğv olunub, mətbuat konfransı isə iki saat əvvələ çəkilib.
Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit ötən ilin iyulun 12-də Sinqapurda baş tutmuşdu. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə buna cavab olaraq KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.