Almaniya 20 il bundan əvvəl avroya keçiddən ən böyük qazanc əldə edən ölkədir.
YeniAvropa "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Avropa Siyasəti Mərkəzinin apardığı tədqiqatın nəticələri üzə çıxarıb.
Müstəqil ekspertlərin hesablamalarına əsasən, vahid Avropa valyutasına keçidin 1999-cu ildən 2017-ci ilə qədər Almaniya iqtisadiyyatına müsbət effekti 1,893 trilyon avro (adambaşına 23,116 min avro) təşkil edib. Bu göstəriciyə görə ikinci yeri Niderland (346 milyard avro və ya adambaşına 21 min avro), üçüncü yeri isə Yunanıstan (2 milyard avro və ya adambaşına 190 avro) tutur.
Avrozonaya daxil olan 19 dövlətin 8-i tədqiqatda iştirak edib və onların arasında yalnız 3 dövlətin avroya keçiddən qazanc götürdüyü məlum olub. Avropa Siyasəti Mərkəzi bunu onların avroya ilk keçən ölkələr olması ilə izah edir.
Vahid valyutaya keçiddən ən çox zərər çəkən ölkələr sırasında İtaliya (4,325 trilyon avro və adambaşına 73,6 min avro) və Fransanın (3,591 trilyon avro və ya adambaşına 56 min avro), ən azı zərər görən ölkələr arasında isə İspaniya, Portuqaliya və Belçikanın adı çəkilir.