Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla görüş üçün Vyetnama səfərə gəlib.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, Kim Çen In Vyetnama Çin ərazisindən keçməklə qatarla gedib. Fevralın 23-də yerli vaxtla saat 17:00-da Pxenyandan qatarla yola düşən KXDR lideri təxminən 3 sutka yarımdan sonra Vyetnamın Çin ilə sərhədində yerləşən Donq Danq şəhərinə çatıb. Şimali Koreya lideri Donq Danqdan təxminən 170 kilometr məsafədə yerləşən paytaxt Hanoya avtomobillə yola düşüb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşmək üçün ötən gün Hanoya yola düşüb. Amerika liderinin təyyarəsi Vaşinqton yaxınlığındakı "Endryus" aviabazasından səmaya qalxıb.
Xatırladaq ki, bir qədər əvvəl Cənubi Koreyanın "YTN" telekanalı Donald Tramp və Kim Çen In arasında fevralın 27-28-də Hanoyda keçirilməsi nəzərdə tutulan sammitlə bağlı planın dəyişdiyi barədə məlumat yayıb. Güman olunur ki, liderlər yalnız bir günlük görüşlə kifayətlənəcəklər. Belə ki, Donald Tramp fevralın 27-də Vyetnam rəhbərliyi ilə görüşəcək, onun Kim Çen Inla danışıqları isə növbəti gün- fevralın 28-də baş tutacaq.