ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşmək üçün Hanoya yola düşüb.YeniAvropa xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb.
Qeyd edilib ki, Amerika liderinin təyyarəsi Vaşinqton yaxınlığındakı "Endryus" aviabazasından səmaya qalxıb.
Bir qədər əvvəl yayılan məlumatlarda qeyd edilir ki, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın olduğu qatar Çin sərhədindən Vyetnama istiqamət alıb. Şimali Koreya lideri Kim Çen Inın gözlənilən səfəri ilə əlaqədar Vyetnam hökuməti Çin sərhədindəki Donqdanq dəmir yolu stansiyasını müvəqqəti olaraq bağlayıb.
Xatırladaq ki, bir qədər əvvəl Cənubi Koreyanın "YTN" telekanalı Donald Tramp və Kim Çen In arasında fevralın 27-28-də Hanoyda keçirilməsi nəzərdə tutulan sammitlə bağlı planın dəyişdiyi barədə məlumat yayıb. Güman olunur ki, liderlər yalnız bir günlük görüşlə kifayətlənəcəklər.
Bu versiyanı ABŞ nümayəndə heyətinin Hanoya səfərinin planı da təsdiqləyir. Plana əsasən, Donald Tramp fevralın 27-də Vyetnam rəhbərliyi ilə görüşəcək, onun Kim Çen Inla danışıqları isə növbəti gün baş tutacaq.