Fevralın 24-25-də Misirin Şarm əl-Şeyx kurort şəhərində keçirilmiş Birinci Ərəb-Avropa Sammitində regional böhranların həlli məsələləri müzakirə olunub.
YeniAvropa "Reuters" agentliyinə istinadla xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tuskun həmsədrliyi ilə Ərəb Dövlətləri Liqasının və Avropa İttifaqının ikigünlük sammitinin işində 22 ərəb və 28 Avropa ölkələrinin dövlət və hökumət başçıları iştirak ediblər.
Tədbirdə aktual məsələlərin geniş spektri, xüsusən siyasi, iqtisadi, sərmayə, sosial sahələrdə, həmçinin ətraf mühitin mühafizəsi və təhlükəsizlik üzrə mövcud olan problemlərin həlli yolları müzakirə olunub. Hər iki tərəfdən olan liderlər ərəb-Avropa əlaqələrinin möhkəmlənməsi, habelə plüralizm, ticarət, qeyri-leqal miqrasiya, terrorçuluqla mübarizə və regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini jurnalistlərə bildirib ki, iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, Aİ üçün Fələstin probleminin həlli, Suriya və Yəməndə böhranın nizama salınması məsələsi də mühümdür.
Sammitdə çıxış edən Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Yəməndə münaqişənin nizama salınmasının bütün Yaxın Şərq regionunda sülhün və sabitliyin bərqərar olmasına töhfə verəcəyini vurğulayıb.
Sammitdə AFR kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Tereza Mey, digər Avropa ölkələrinin dövlət və hökumət başçıları, həmçinin ərəb ölkələrinin liderləri iştirak ediblər.