Tokio Olimpiadası üçün medallar elektronika məhsullarının tullantılarından hazırlanacaq.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, üç il əvvəl “Tokio-2020” Yay Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsi idmançılar üçün medalların hazırlanmasında elektronika avadanlıqlarının tullantılardan istifadə etmək niyyətində olduqlarını açıqlayıb. Atılmış və utilizasiya üçün təhvil verilən belə qurğulardan tonlarla bürünc, gümüş və qızıl hasil ediləcək.
Təşkilat komitəsi nümayəndələrinin sözlərinə görə, bu prosesə Yaponiya ictimaiyyəti, şirkətlər, eləcə də yerli və xarici idmançılar tərəfindən böyük dəstək göstərilib. Təşəbbüs sayəsində bələdiyyələr tərəfindən təxminən 47 min 488 ton elektronika məhsulları tullantısı toplanılıb. Bura istifadəçilərin yerli “NTT DOCOMO” operatorunun mağazalarına təhvil verdiyi 5 milyona yaxın köhnə telefon da daxildir. Bundan başqa, poçt şöbələrində və digər ictimai müəssisələrdə köhnə texnikanın qəbulu üçün məntəqələr quraşdırılıb.
Ötən ilin iyununda 2700 kiloqram təkrar emal edilmiş bürünc əldə edilib, oktyabrda isə tələb olunan 30,3 kiloqram qızılın 93,7 faizi, 4100 kiloqram gümüşün 85,4 faizi hasil olunub. Komitə nümayəndələri əmindir ki, toplanılmış ehtiyatlar sayəsində bu ilin martınadək medalların hazırlanması üçün kifayət qədər metal əldə ediləcək.
Xatırladaq ki, Tokioda Yay Olimpia Oyunları gələn il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.