logo

Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının loqosu təsdiqlənib

21:50 04-02-2019 | icon 3458
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının loqosu təsdiqlənib

Bu il Bakıda gimnastika üzrə bir neçə mötəbər yarış keçiriləcək. Belə ki, bu il gimnastika növləri üzrə 3 dünya kubokunun, 2 Avropa və 1 dünya çempionatının təşkili Azərbaycan Gimnastika Federasiyasına (AGF) həvalə olunub.

YeniAvropa AGF-in saytına istinadla xəbər verir ki, kubok yarışlarının batut (16-17 fevral) və idman gimnastikası (14-17 mart), çempionatlardan isə bədii gimnastika üzrə mundial (16-22 sentyabr) Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandırır.

İlin ilk kubok yarışlarında medallar və lisenziya xalları uğrunda mübarizə aparacaq ən güclü batutçuların adları artıq məlumdur. İdman gimnastikası yarışında iştirakçıların siyahısının fevralın sonuna doğru açıqlanacağı gözlənilir.

Bütün bu turnirlərə paralel gedən hazırlıq mərhələsində bədii gimnastika üzrə dünya çempionatının loqosu da artıq təsdiqlənib. Bənövşəyi, qızılı və qırmızı rənglərin qarışıq tonları ilə qadın incəliyinin vurğulandığı loqoda əsas alət kimi lent seçilib. Bədii gimnastikanın ən sevilən alətlərindən olan lentin möhtəşəmliyinin bu çempionatda gimnastlara dünya arenasını fəth etməyə ilham verəcəyi ən incə detallarla loqoda ifadə olunub.

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının iştirakçılarına isti və əlvan rənglərin ahəngliyi ilə müsbət enerjinin ötürüləcəyinə inanan yarışın təşkilatçıları məhz bu maraqlı kompozisiyanı ərsəyə gətirməklə sentyabrda dünya gimnastika ulduzlarını ən yüksək ab-havada qarşılayacaqlar.