logo

Ərdoğan BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək

13:33 18-09-2024 | icon 539
Ərdoğan BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün sentyabrın 21-də ABŞ-a yola düşəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,Türkiyə liderinin çıxışı sentyabrın 24-nə planlaşdırılır.

Prezident Ərdoğan həmin gün Braziliya və ABŞ dövlət başçılarından sonra BMT Baş Assambleyası tribunasından çıxış edəcək üçüncü lider olacaq. Bu, həmçinin Türkiyə prezidentinin siyasi karyerasında BMT Baş Assambleyasında edəcəyi 14-cü çıxışdır.

Türkiyə prezidentinin çıxışında əsas mövzular qlobal sistemin ədalətsizliyi və BMT-də islahatların aparılması zərurəti olacaq.

Sentyabrın 27-dək davam edəcək səfər çərçivəsində Ərdoğan dünya liderləri ilə də bir sıra ikitərəfli görüşlər keçirəcək, onlardan bəziləri Nyu-Yorkdakı Türkiyə Evində baş tutacaq.

Bundan əlavə, Türkiyənin dövlət başçısı dünyanın aparıcı şirkətlərinin nümayəndələri ilə də görüşəcək.