Bakıda keçiriləcək güləş üzrə Avropa Olimpiya təsnifat turnirinin proqramı açıqlanıb
Bakıda ilk dəfə keçiriləcək güləş üzrə Avropa Olimpiya təsnifat turnirinin proqramı açıqlanıb.
Azərbaycan Güləş Federasiyasından YeniAvropa-ya bildirilib ki, yarış aprelin 5-7-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
Turnirdə hər çəkidə finala yüksələn idmançılar öz ölkələrinə “Paris-2024” Olimpiadasına lisenziya qazandıracaq. Dünya Güləş Birliyinin (UWW) qəbul etdiyi qərara əsasən, final görüşləri keçirilməyəcək.
Proqrama əsasən, ilk yarış günündə (aprelin 5-də) yunan-Roma güləşində 60, 67, 77, 87, 97 və 130 kiloqram çəki dərəcələrində güləşçilər mübarizəyə qoşulacaqlar. Aprelin 6-da qadın güləşində 50, 53, 57, 62, 68 və 76, turnirin son günündə isə sərbəst güləşdə 57, 65, 74, 86, 97 və 125 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək.
I-S kateqoriyalı hakimlərin idarə edəcəklər turnirin gündüz seansı saat 10:30-da, axşam seansı isə 18:00-da başlayacaq. Aprelin 5-də saat 17:30-da turnirin təntənəli açılış mərasimi start götürəcək.
Yarış İctimai TV vasitəsi ilə canlı yayımlanacaq. Biletlər yaxın günlərdə “İtickets” vasitəsilə satışa çıxarılacaq.