logo

Dövlət qulluğu üzrə test imtahanında 698 nəfər uğur qazanıb

12:12 19-02-2024 | icon 2779
Dövlət qulluğu üzrə test imtahanında 698 nəfər uğur qazanıb

Dövlət İmtahan Mərkəzi fevralın 18-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.

Mərkəzdən YeniAvropa-ya bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2754 namizəddən 59 nəfər imtahana gəlməyib.

İmtahanın nəticələrinə əsasən, BA1 altqrupu üzrə 6 nəfər, BA2 altqrupu üzrə 9 nəfər, BA3 altqrupu üzrə 33 nəfər, BA4 altqrupu üzrə 58 nəfər, BB1 altqrupu üzrə 64 nəfər, BB2 altqrupu üzrə 93 nəfər, BB3 altqrupu üzrə 172 nəfər, BB4 altqrupu üzrə 263 nəfər olmaqla, ümumilikdə 698 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikat 5 il qüvvədə olur. Namizəd sertifikatı əldə etmək üçün fevralın 20-dan martın 4-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

- ali təhsil haqqında sənədin surəti;

- əmək kitabçasının surəti (olduğu halda).

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs burada nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər fevralın 20-si saat 10:00-dan fevralın 22-si saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.