logo

Kürdəmirdə 7 məktəbində şagirdlər arasında qızılca aşkarlanıb

15:35 27-11-2023 | icon 3696
Kürdəmirdə 7 məktəbində şagirdlər arasında qızılca aşkarlanıb

Son günlər Kürdəmirin rayon mərkəzi də daxil olmaqla kənd məktəbliləri arasında qızılca xəstəliyi qeydə alınıb. Vəziyyətlə əlaqədar olaraq bir neçə məktəbin şagirdləri xəstəxana və ev şəraitində müalicə alır, bu səbəbdən də bəzi şagirdlər məktəbə gəlmir.

YeniAvropa xəbər verir ki, Kürdəmir rayon Atakişili kənd məktəbinin direktorunun verdiyi məlumata görə son bir ayda məktəbin 7 şagirdində sözü gedən xəstəlik aşkar edildiyindən onların dərsə davamiyyəti dayanıb. Hazırda 7 şagirddən 3-cü sağalaraq dərslərinə davam edir.

Kürdəmir rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Elvira Cavadova bildirib ki, Kürdəmir rayon 2 saylı tam orta məktəbin şagirdləri 9 nəfər olmaqla müxtəlif tarixlərdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Onlardan 5-i qız, 4-ü oğlan olub. Pasiyentlərə hazırda zəruri tibbi xidmət göstərilir, stasionar şəraitdə müalicələri davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayonu üzrə sektor müdiri Rəfael Məmmədovun sözlərinə görə rayon ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında qızılca xəstəliyi ilə bağlı yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb. Sözügedən məsələ ilə bağlı Kürdəmir rayon Mərkəzi Xəstəxanasından aldığımız məlumata əsasən, 9 nəfər şagird hazırda xəstəxanada stasionar şəraitdə müalicə alır, digər yoluxan şagirdlərin isə ambulator (ev şəraitində) müalicələri davam etdirilir və şagirdlərin vəziyyətinin stabil olduğu qiymətləndirilir. Həmçinin təhsil müəssisələri arasında kəskin yoluxma halı baş verdiyi təqdirdə müvafiq səhiyyə qurumu (Gigiyena və Epidemiologiya Mərkəzi) və aidiyyəti yerli təhsil idarəetmə orqanı Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən müvafiq addımlar atılacaq. Hazırda kəskin yoluxma faktı olmadığı üçün həmin ümumi təhsil müəssisələrinin bağlanılması ilə bağlı qərar qəbul edilməyib.