logo

DİM hərbi liseylərə qəbul imtahanı keçirəcək

13:31 25-07-2023 | icon 3248
DİM hərbi liseylərə qəbul imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 30-da Müdafiə Nazirliyinin hərbi liseylərinə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna (orta ixtisas təhsili pilləsi üzrə) qəbul imtahanı keçirəcək.

Mərkəzdən YeniAvropa-ya bildirilib ki, abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

-Şəxsiyyəti təsdiq edən sənədin əslini;

-İmtahana buraxılış vərəqəsini.

Qeyd: Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.