logo

Qazaxıstanlı ifaçılar Bakıda  konsert veriblər

15:55 06-07-2023 | icon 4690
Qazaxıstanlı ifaçılar Bakıda  konsert veriblər

İyulun 6-da Beynəlxalq Muğam Mərkəzində Qazaxıstandan gəlmiş dombra ifaçılarının (aşıqlar) konserti təqdim edilib.

YeniAvropa xəbər verir ki,, “Krımın 40 bahadırı” eposunun izi ilə türk dövlətlərinə səfərə çıxan ifaçılar Azərbaycanda müxtəlif mədəniyyət mərkəzlərində görüşlər və çıxışlarla eposu təqdim edirlər.

Konsertdə əvvəlcə musiqiçi-tədqiqatçı Semih İpək türk xalqlarının dostluq və qardaşlığı haqqında söhbət açıb, eyni zamanda ifaçıları təqdim edib.

Musiqiçilərdən ibarət heyətə rəhbərlik edən musiqiçi Eldost Emil bildirib ki, məqsədimiz türk dövlətlərində “Krımın 40 bahadırı” eposunu təbliğ etməkdir: “Bu dastan bizə Qızıl Orda xanlığı dövründən miras qalıb. Eyni zamanda bizim birliyimizi, qardaşlığımızı təbliğ etdiyi üçün yenidən tanıtmaq, gündəmə gətirmək istədik. Dastanda bütün türk xalqlarının hər birinin könlünü açacaq bir məqam var. Məqsədimiz bu duyğunu oyadıb “biz bir olsaq” fikrini ifadə etməkdir. Musiqiçilərimiz Manqışlak vilayətindən gəliblər. Bu dastan da Qazaxıstanın qərb bölgəsinə məxsus dastandır”.

E.Emil xalqlarımızın qardaşlığından, tarixi köklərimizdən, türk birliyimizdən söhbət açaraq, tədbirin təşkilində dəstəyinə görə Mədəniyyət Nazirliyinə, BMM-nin rəhbərliyinə və konsertin ideya müəllifi, professor Vüqar Əhmədə təşəkkürünü bildirib.

Sonra Qazaxıstanın dombra ifaçıları Aliya Qaramuxanova, Undasn Kalxanov və başqaları qədim qazax xalq dastanlarından parçalar ifa ediblər.

Konsert proqramında istedadlı xanəndə, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Mütəllim Dəmirov və tarzən, " Bayatı-Türk" Muğam triosunun rəhbəri Məsim İslamov qonaqlarla birgə çıxış ediblər. İki qardaş xalqın müştərək ifası tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.