Əmanətlərin Sığortalanması Fondu (ADIF) iyunun 19-dan bu gün saat 14:00-a qədər lisenziyası ləğv olunmuş "Günay Bank" ASC-nin əmanətçilərinə 16 milyon 462 min 586 manat kompensasiya ödəyib.
YeniAvropa xəbər verir ki, bu barədə fondun icraçı direktoru Tural Piriyev məlumat verib.
Onun sözlərinə görə, bu məbləğ 850 nəfər əmanətçiyə ödənilib və bankdakı sığortalanmış (kompensasiya olunan) əmanətlərin təxminən yarısı deməkdir.
“Cari ilin birinci rübünün sonuna "Günay Bank"da sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat olub. Bankın əmanətçilərinin say etibarı ilə 99,9 faizinin əmanətləri kompensasiya olunacaq. "Əmanətlərin sığortalanması haqqında" Qanuna uyğun olaraq sığortalanmış əmanət üzrə əmanətin 100 faizi qədər, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitlərinin isə 100 faizi qədər kompensasiya ödəniləcək.