İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəqəmsal layihələri olan Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağı ilə Türkiyənin “ODS Consulting Group” şirkətinin birgə təşkilatçılığı çərçivəsində Rəqəmsal Transformasiya və Texnologiya Zirvəsi Forumu keçiriləcək.
Mərkəzdən YeniAvropa-ya bildirilib ki, Forum rəqəmsal transformasiya və elektron ticarətin yaratdığı imkanlar, iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi və ixracın təşviqi məqsədi daşıyır.
Forumda Azərbaycan və Türkiyənin ticarət sahəsində rəqəmsal transformasiyası; Alibaba.com saytının ixrac imkanları, istehsalın məhsuldarlığının artırılması yolları, müştərilərlə kommunikasiya; onlayn satışda rəqəmsal həllərin tətbiqi, süni intellektin e-ticarət əməliyyatlarında rolu və istifadəsi sahəsində məlumatlılığın artırılması mövzuları əsas istiqamət kimi götürüləcək.
Müştəriyönümlü biznes strategiyasını qurmaq, rəqəmsal həllərdən istifadə edərək ixracı və səmərəliliyi artırmaq istəyən bütün şirkətlər iyunun 20-də, saat 11.00-da onlayn formatda keçiriləcək Forumda iştirak etməyə dəvətlidir. Qeydiyyat artıq başlayıb. İştirak üçün https://training.ereforms.org/ linki vasitəsilə qeydiyyatdan keçmək mümkündür.