logo

Bakıda sudan səmərəli istifadəyə dair beynəlxalq tədbir olacaq

15:13 22-05-2023 | icon 2205
Bakıda sudan səmərəli istifadəyə dair beynəlxalq tədbir olacaq

Mayın 30-da Bakıda “Aqualink” şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi ilə, dünyanın aparıcı su mütəxəssislərinin və ekoloqlarının iştirakı ilə II Xəzər Su İnnovasiya Forumu keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə  “Gələcək üçün su!” şüarı ilə baş tutacaq builki foruma qeyd olunmuş sahələr üzrə 15 ölkədən 26 aparıcı şirkət, o cümlədən 60-dan çox beynəlxalq səviyyəli peşəkar mütəxəssis qatılacaq.

Forum ölkəmizdə və regionda sudan səmərəli istifadəni təşviq etmək, tullantı suların təkrar emalı vasitəsi ilə ətraf mühitə neqativ təzyiqlərin azaldılmasına nail olmaq, su ehtiyatlarının effektiv idarəedilməsi istiqamətində beynəlxalq təcrübə və qabaqcıl texnologiya mübadiləsi ilə maarifləndirmə təmin edən peşəkar müzakirə platformasıdır.

Hazırda dünyada şirin su ehtiyatlarının tükənməsi, iqlim dəyişikliyi və qlobal istiləşmə su ehtiyatlarının və yer səthinə düşən yağıntıların kəskin azalmasına səbəb olub. Belə şəraitdə mövcud su ehtiyatlarının effektiv idarəetməsinin təşkili, quraqlığa davamlı bitkilərin əkini, sənayedə sudan səmərəli istifadə, tullantı suların təkrar emalı önəm daşımaqdadır. Bütün qeyd edilən mövzular ətrafında mövcud vəziyyət, gələcək perspektivlər və çağırışlar, sənayenin hazırlıq səviyyəsi və beynəlxalq təcrübə Xəzər Su İnnovasiya Forumunun əsas müzakirə mövzularıdır. Forum dünyanın su sənayesinin aparıcı iştirakçılarını ölkəmizdə bir araya gətirərək regionda su ehtiyatlarının səmərəli və effektiv idarəedilməsinə öz töhfəsini verəcək.

Su texnologiyaları və kimya həlləri sahəsində dünyanın aparıcı şirkətləri - “AO Smith”, “Nijhuis Saur İndustries”, “Unidro”, “PWNT”, “ARC Water Technologies", “Jumo” şirkətlərinin baş sponsorluğu, “Ultraaqua”, “Sirab” və “Azərsu” ASC-nin sponsorluğu ilə təşkil ediləcək Forumda ABŞ, Almaniya, İtaliya, Fransa, Niderland, Danimarka, Belçika, Türkiyə, Ukrayna, İsrail, Yaponiya və digər ölkələrin aparıcı və tanınmış şirkətləri öz təcrübələrini yerli sahibkarlarla paylaşacaqlar.

Forum bu sahədə fəaliyyət göstərən dövlət qurumları, özəl şirkətləri, beynəlxalq təşkilatları, elmi tədqiqat müəssisələrini yeniliklər və innovativ həllərlə yaxından tanış edəcək, təcrübə mübadiləsini təmin edəcək, təlim və əməkdaşlıq platforması vasitəsilə yerli mütəxəssis və sahibkarlara dəstək olacaq, sudan qənaətlə istifadə, təbii ehtiyatların qorunması və ətraf mühitə neqativ təzyiqlərin azaldılması sahəsində ixtisaslaşmış müzakirələrin aparılmasını təmin edəcək.

Panel müzakirələri formatında keçiriləcək Forum “Su ehtiyyatlarının idarəedilməsi”, “ Çirkab (tullantı) su sistemləri, təkrar emal və ətraf mühitə təsirləri” və “Su texnologiyalarında innovasiya və qənaətli çözümlər” mövzularına həsr edilmiş panellərdən ibarət olacaq. Hər panel yerli və xarici mütəxəssislər, dövlət nümayəndələri və beynəlxalq ekspertlərin fikir mübadiləsi, təqdimatları və təcrübə paylaşımları ilə zəngin olacaq.

Xəzər Su İnnovasiya Forumu Caspian Energy Clubun netvörkinq tərəfdaşlığı, Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfdaşlıq dəstəyi ilə ölkəmizdə sudan səmərəli istifadəni təşviq edəcək, su ehtiyyatlarının və sənayedə suyun idarə edilməsində ən qabaqcıl yeniliklərə ölkə sənayesinə öz töhfəsini verəcək.

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin və Kənd Təsərrüfatı Nazirliyinin də dəstəyi ilə təşkil ediləcək Xəzər Su İnnovasiya Forumuna siz də dəstək olun. Bu fürsəti əldə qaçırmayın! İştirak etmək üçün internet səhifəmizdən və sosial şəbəkə ünvanlarımızdan bizə yazın.

Gəlin, gələcəyimiz üçün suyumuzu birlikdə qoruyaq!