logo

"Əsrin müqavilə"sindən Neft Fonduna 167 milyard dollar vəsait daxil olub

17:27 26-04-2023 | icon 2023
"Əsrin müqavilə"sindən Neft Fonduna 167 milyard dollar vəsait daxil olub

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” qaz-kondensat yatağı üzrə hasilatın ilk günündən indiyədək təxminən 189 milyard kubmetr qaz hasil edilib.

YeniAvropa xəbər verir ki, bu barədə "BP" şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Əsrin Müqaviləsi” imzalanandan bəri "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan toplam 4,2 milyard barel neft hasil olunub: “Həmin müqavilə üzrə Azərbaycan Dövlət Neft Fonduna bu illər ərzində 167 milyard ABŞ dolları məbləğində vəsait daxil olub".

B. Aslanbəyli bildirib ki, bu rəqəmlərdən, yəni mənfəət neftinin satışından əldə olunan gəlirlərin ölkə iqtisadiyyatı, sosial və digər sahələrin inkişafı üçün əhəmiyyəti böyükdür: "Bu gün Xəzərdə mövcud olan 8 platforma var. 9-cu platformanın tikintisi iyun ayında yekunlaşacaq. 8 platformada və Səngəçal terminalında dünyanın neft və qaz sahəsində olan ən son texnoloji avadanlıqlar mövcuddur".

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarət olan nəhəng "Şahdəniz” yatağının kəşf edilməsi və "Şahdəniz” qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıdıb.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.

Bakıdan təxminən 100 km şərqdə yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" yatağı Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft-qaz yataqlar blokudur. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqda yataqlar blokunun ehtiyatı 511 milyon ton həcmində proqnozlaşdırılırdısa, sonradan bu göstərici 1,072 milyard ton həcmində müəyyən edilib.