Bu il aprelin 1-nə Azərbaycanın bank sektorunun aktivləri 44 milyard 843,2 milyon manat təşkil edib.
YeniAvropa Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 16,5 % çoxdur.
Bankların aktivlərinin 18 843,5 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 15,25 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41,2 %-dən 42 %-ə yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 12,3 % artaraq 38 993,9 milyon manata, o cümlədən depozit portfeli 13 % artaraq 31 933,2 milyon manata çatıb. Bunun 11 719,5 milyon manatı fiziki, 20 213,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 14,9 %, şirkətlərin banklardakı vəsaitləri isə 11,9 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 62,5 % azalaraq 118,9 milyon manat olub.
Sektorun balans kapitalı isə 18,4 % artaraq 5 849,3 milyon manat təşkil edib.