Aprelin 7-də Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev məlumat verib. O bildirib ki, Qazaxıstan Azərbaycan ilə iqtisadi və ticarət əlaqələrinin daha da genişlənməsində, qarşılıqlı sərmayə yatırılmasında, eləcə də Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında maraqlıdır.
Nazir müavini qeyd edib ki, hökumətlərarası komissiyanın iclasında müxtəlif nazirliklərin nümayəndələri iştirak edəcəklər. İclasda təqdim olunacaq proqramların və iqtisadi layihələrin birgə həyata keçirilməsi məsələləri müzakirə olunacaq.