“Qida təhlükəsizliyi haqqında” Qanunun 24.5-ci maddəsinə əsasən, bir sıra qida və yem məhsullarının ölkəmizin gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri əvvəlcədən təsdiq edilməlidir. Bununla əlaqədar olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən ötən dövr ərzində müvafiq tədbirlər icra edilib və hazırda xarici ölkələrdə fəaliyyət göstərən, ölkəmizə qida məhsullarını tədarük edən şirkətlər və onların istehsal obyektlərinin təsdiqi həyata keçirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, Çin Xalq Respublikasından ölkəmizə bir sıra qida məhsulları gətirilir və onların arasında xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid yüklər var. Bunlara misal olaraq iribuynuzlu mal-qara əti, ördək əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd məhsulları və heyvan yemi üçün istifadə edilən məhsulları göstərmək olar.
Qida Təhlükəsizliyi Agentliyi Çindən ölkəmizə qida məhsullarının ixracını həyata keçirən və bu ölkədən həmin məhsulların təchizatını təmin edən şirkətlərə xəbərdarlıq edərək bəyan edir ki, müvafiq qida obyektləri “Qida təhlükəsizliyi haqqında” Qanunun müvafiq bəndinə uyğun təsdiq edilməlidir. Aprelin 10-dək təsdiq üçün müraciət etməyən şirkətlərin qida məhsullarını idxal etməsi mümkün olmayacağı bildirilir.