İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 2-də hərrac keçiriləcək.
Dövlət Xidmətindən YeniAvropa-ya bildirilib ki, hərraca 5 səhmdar cəmiyyətin səhm paketləri, 19 kiçik dövlət müəssisəsi və obyekti, 36 nəqliyyat vasitəsi çıxarılır. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında nəqliyyat, inşaat, təmir sahələrinə aid müəssisələr var. Bu səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 faizini təşkil edir. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları sırasında, həmçinin yardımçı təsərrüfat, əmlak kompleksi, iaşə obyekti, mağaza, yeraltı dayanacaq da var. Oğuz şəhərində yerləşən “Şahdağ” yeməkxanası turizm baxımından əlverişli mövqedə yerləşir. İlkin start qiyməti 56 min 600 manat olan əmlakın ümumi faydalı sahəsi 113 kvadratmetr, torpaq sahəsi isə 40 sotdur. Hərraca müxtəlif növ nəqliyyat vasitələri də çıxarılıb. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 3500 manatla 11500 manat arasında dəyişir.