logo

Bakıda Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçiriləcək

14:14 27-03-2023 | icon 1547
Bakıda Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçiriləcək

19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi - “AITF 2023” bu il 4-6 aprel tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə sərginin təşkilatçısı Caspian Event Organisers şirkətindən bildirilib. 

Qeyd edilib ki, “AITF 2023” sərgisi pandemiya ilə bağlı yaranmış 3 illik fasilədən sonra yenidən turizm sektorunu diqqət mərkəzinə gətirəcək. Ənənəvi olaraq, sərgi müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirir. Bu tədbir maraqlı tərəflərə yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar haqqında məlumat əldə etmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən əsas platformalardan biridir. Bundan əlavə, sərgi Azərbaycanın cəlbedici səyahət məkanı kimi əhəmiyyətini vurğulayacaq, Azərbaycan xalqının qonaqpərvərliyini xarici iştirakçılar və ziyarətçilərə nümayiş etdirəcək.

Fəal istirahətin ən geniş yayılmış və kütləvi növü olan turizmə aid tədbirlər nəinki bu sənayenin nümayəndələrini, həm də yerli və xarici səyahətçiləri cəlb edir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və beləliklə, turizm daha geniş vüsət alır. “AITF 2023” sərgisi səyahət etməyi sevən və səyahət etdiyi ölkələrdə sevilən qonaq olan Azərbaycan səyahətçiləri üçün də yeni turistik məkanları kəşf etmək imkanı yaradan bir platforma olacaq.

Sərgidə Azərbaycanla yanaşı dünyanın müxtəlif ölkələrindən - Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Tunis və başqa ölkələrdən olan şirkətlər qatılacaq. “AITF” sərgisində ənənəvi olaraq xarici ölkələr milli stendlərlə təmsil olunur. Bu dəfəki sərgi də istisna olmayacaq və Belarus, Çexiya, Polşa və Özbəkistan öz milli stendləri ilə iştirak edəcək.

Bu il sərginin ənənəvi iştirakçısı olan Bolqarıstan “AITF 2023”-ün Baş Sponsoru qismində çıxış edir. Özbəkistan isə tərəfdaş ölkə olacaq.

Sərgi aşağıdakı istiqamətləri əhatə edəcəkdir:

Gediş turizmi (Outbound tourism)
Yerli turizm (Domestic tourism)
Gəliş turizmi (Inbound tourism)

“AITF 2023”-də tibbi və sağlamlıq turizmi, kruiz sənayesi, aviaşirkətlər, milli və regional turizm orqanları, nazirliklər,
səyahət agentlikləri, turoperatorlar və s. kimi bir sıra sektorlar təqdim olunacaq.

 

İştirakçıları və ziyarətçiləri zəngin və maraqlı proqram gözləyir. “AITF 2023” çərçivəsində səyahət fotoqrafı Aydın Sadıxovun fotosərgisi nümayiş olunacaq. Eləcə də, sərginin keçiriləcəyi Bakı Ekspo Mərkəzində Azərbaycan Turizm Blogerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə səyahət blogerləri ilə bağlı tədbir baş tutacaq. Bundan başqa, sərgi çərçivəsində “Turizm sahəsinin mütəxəssisi ol” mövzusunda panel müzakirəsi keçiriləcək.

Ənənəvi olaraq, sərgi günlərində ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcək, burada yerli və xarici şirkətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq yollarını və tərəfdaşlığın digər formalarını müzakirə edəcəklər.

“AITF 2023” turizm sənayesinin peşəkarları üçün çoxdan gözlənilən hadisədir. Belə ki, sərgi beynəlxalq və yerli şirkətlərin bazar ehtiyaclarını və istehlakçı marağını qiymətləndirdiyi, rəqabət mühitinin öyrənildiyi, inkişaf strategiyasının qurulduğu ölkənin turizm sənayesinin bərpasına təkan verən sərgidir.

Qeyd etmək lazımdır ki, “AITF” sərgisi Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən keyfiyyət nişanına layiq görülüb. UFI tərəfindən sərgilərin keyfiyyət nişanı ilə təltif edilməsi onların bəyan etdikləri məlumatlar və təşkilatçılıq səviyyəsinə uyğunluq üzrə tam yoxlanmasından sonra baş verir. Bu təşkilata üzvlük “AITF” sərgisinin beynəlxalq statusunun möhkəmlənməsinə xidmət edir.

Sərgi ilə bağlı yenilikləri sosial şəbəkələrdə və www.aitf.az rəsmi internet saytından izləyə bilərsiniz.