logo

Bakıda əczaçılıq üzrə Hindistan-Azərbaycan biznes forumu keçirilib

15:11 16-03-2023 | icon 2359
Bakıda əczaçılıq üzrə Hindistan-Azərbaycan biznes forumu keçirilib

Martın 16-da Hindistanın Bakıdakı səfirliyi əczaçılıq üzrə Hindistan-Azərbaycan biznes tədbiri təşkil edib.

YeniAvropa xəbər verir ki, tədbir iki hissədən ibarət olub. Əvvəlcə əczaçılıq sektorunda Hindistan-Azərbaycan əməkdaşlığına dair konfrans keçirilib.

Konfransda çıxış edən Hindistanın Əczaçılıq Məhsullarının İxracının Təşviqi Şurasının (Pharmexcil) Tənzimləmə şöbəsinin direktoru Lakşmi Prasannanın sözlərinə görə dünyanın əczaçılıq mərkəzi adını almış Hindistan çox əlverişli qiymətə və effektiv təsiri olan dərmanların istehsalı üzrə tanınır: “Biz beynəlxalq qeyri-hökumət təşkilatlarını ümumi dərman vasitələri, xüsusən retrovirus və vərəm əleyhinə dərman vasitələri ilə təmin edən dünyanın ən böyük təchizatçısıyıq. Hazırda 200-dən çox ölkəyə dərman ixrac edirik. Ümumdünya Səhiyyə Təşkilatının ümumi immunizasiya tələbləri baxımından Hindistan təxminən 65-70 faizlik payı ilə peyvəndlərin ən böyük tədarükçüsüdür.

Yalnız inkişaf etməkdə olan ölkələr deyil, həmçinin inkişaf etmiş iqtisadiyyatlar da Hindistan istehsalı olan dərmanlardan faydalanırlar. MDB regionu Hindistanın əczaçılıq sənayesi üçün potensial bazarlardan biridir və istehsalçılarımız bu regiona xüsusən də Azərbaycan bazarına daxil olmağa can atırlar. Azərbaycanın 850 milyon dollarlıq həcmə malik olan əczaçılıq bazarında əsas yeri idxal tutur. Türkiyə, Avropa, Çin və Rusiya Azərbaycana ən böyük dərman idxal edən tərəfdaşlardır, Hindistan isə ümumi idxalının 4-5 faizini tutmaqla həmin siyahıda 6-cı yerdədir”.

Azərbaycanla münasibətləri gücləndirmək istəyən 46 şirkəti təmsil edən 60-a yaxın nümayəndə ilə ölkəmizə gəldiyini deyən Lakşmi Prasannan ikitərəfli əməkdaşlıq üçün əla imkanların olduğunu vurğulayıb.

Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumarın sözlərinə görə əczaçılıq sektoru Hindistanın Azərbaycanla əlaqələrində mühüm rol oynayır. Hindistanın Azərbaycana əczaçılıq məhsullarının ixracı öz potensialından aşağıdır və bu, iki ölkə arasındakı real imkanları əks etdirmir. Əczaçılıq sektoru iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial vəd edir. Buna görə də biz davamlı fikir mübadiləsi aparmağa və bu sektorda daha geniş əməkdaşlığa ümid edirik".

Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktorunun müşaviri (AZPROMO) Tural Hacılı öz çıxışında Azərbaycan və Hindistan arasında ticarət əlaqələrinin inkişaf etdiyini, Azərbaycanın farmakoloji məhsullar idxal etdiyi ölkələr arasında Hindistanın ilk onluqda olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, həm 2021-ci, həm də 2022-ci ildə idxal olunan farmakoloji məhsulların dəyəri 30 milyon dollar civarında olub.

"Makromed" şirkətinin rəhbəri Anar Lətifov isə ötən il ölkəmizə 520 milyon dollara yaxın dərman idxal olunduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda qeydiyyatda olan Hindistan əczaçılıq məhsullarının payı 2019-cu ildə 3.91, 2020-ci ildə 4.4, ötən il isə 6 faiz təşkil edib.

Tədbirin ikinci hissəsində isə Hindistanın əczaçılıq şirkətləri ilə ikitərəfli görüşlər keçirilib.

Tədbirə martın 17-də yekun vurulacaq.