logo

"Bakcell" rəhbərliyində yeni təyinatlar

11:11 22-02-2023 | icon 2464
"Bakcell" rəhbərliyində yeni təyinatlar

"Bakcell" şirkətinin baş icraçı direktoru vəzifəsinə Klaus Müller təyin edilib.

YeniAvropa xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib. 

Qeyd edilib ki, telekommunikasiya sahəsində 30 ildən çox iş təcrübəsinə malik olan Klaus Müller Avropanın bir çox böyük telekommunikasiya şirkətlərində rəhbər vəzifələrdə çalışıb. O, Almaniya, ABŞ, Macarıstan, Azərbaycan və digər ölkələrdə iri telekommunikasiya şirkətlərində genişmiqyaslı transformasiya proqramları və strategiyaların həyata keçirilməsi ilə bağlı zəngin təcrübəyə malikdir. Klaus Müller Almaniya, İspaniya və ABŞ-da iqtisadiyyat, strateji idarəetmə və biznesin idarə edilməsi üzrə təhsil alıb və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Klaus Müller

“Müasir dövrdə telekommunikasiya sənayesi üçün dəyişikliklərə çevik reaksiya vermək, abunəçilərin  ehtiyaclarını anlamaq və innovativ həllər təklif etmək çox vacibdir. Yüksək mobil internet sürəti, şəbəkənin geniş əhatə dairəsi və müştəri məmnuniyyətinin yüksək səviyyədə olması sayəsində "Bakcell" Azərbaycanın telekommunikasiya bazarında aparıcı mövqeyə malikdir. Mən “Bakcell”də işə başlamaqdan çox məmnunam. Biz komanda ilə birlikdə şirkətin bazar mövqeyi və texnoloji üstünlüyünün daha da möhkəmləndirilməsi və innovativ rəqəmsal layihələrin həyata keçirilməsi üzərində çalışacağıq”,- deyə Klaus Müller bildirib.

Qeyd edək ki, 2019-cu ildən başlayaraq “Bakcell”in baş icraçı direktoru vəzifəsində çalışmış Rainer Rathgeber şirkətin uğurlu fəaliyyətinə töhfə verib. Bu illər ərzində "Bakcell" şirkətinin Azərbaycanın telekommunikasiya bazarındakı mövqeyi daha da güclənib.

Həmçinin NEQSOL Holding-in Qrup üzrə baş maliyyə direktoru və NEQSOL Holding Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə "Bakcell" şirkətinin Direktorlar Şurasının üzvü təyin edilib.

İmran Əhmədzadənin bank, enerji, telekommunikasiya və tikinti sahələrində 20 illik təcrübəsi var. O, 2013-cü ildə NEQSOL Holding-in tərkibinə daxil olan "Nobel Energy"də Xəzinədarlıq üzrə baş direktor, 2017-ci ildə NEQSOL Holding-də Baş Maliyyə Direktorunun müavini, 2018-ci ildə isə baş maliyyə direktoru təyin olunub. O, həmçinin "Vodafone Ukraine", "Nobel Energy", "Norm" və  Holdinqin tərkibindəki digər şirkətlərin Direktorlar Şurasının üzvüdür. İmran Əhmədzadə Harvard Biznes Məktəbinin məzunudur.

İmran Əhmədzadə 

NEQSOL Holding-in tərkibinə daxil olan "Bakcell" Azərbaycanda ən son VoLTE və eSIM texnologiyalarını tətbiq edən ilk mobil operatordur. 2023-cü ilin əvvəlində şirkət Bakının seçilmiş ərazilərində 5G-nin sınaq tətbiqini elan edib. Bakcell şəbəkəsi Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.