İqtisadiyyatın şaxələndirilməsi və investisiyaların cəlb olunmasında “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizə davam etdiriləcək.
YeniAvropa xəbər verir ki, bu fikri iqtisadiyyat naziri Mikayıl Cabbarov ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: Yeni çağırışlara doğru” mövzusunda konfransda çıxışı zamanı səsləndirib.
Nazir bu yanaşmanın müsbət tərəfinin orta aylıq əməkhaqqının, iş yerlərinin sayının, eləcə də vergi daxilolmalarının artmasında aydın şəkildə göründüyünü deyib.
M.Cabbarov bildirib ki, vergi siyasətində daha bir mühüm istiqamət rəqəmsallaşmanın genişləndirilməsi ilə yanaşı, yeni üfüqlərin müəyyənləşdirilməsidir. “Burada xüsusi olaraq son aylar ərzində Dövlət Vergi Xidməti ilə Dövlət Gömrük Komitəsi arasında əməkdaşlığın sinxronlaşdırılmasını minnətdarlıq hissi ilə qeyd etmək istərdim”,- deyən nazir əlavə edib ki, bu, faktiki olaraq vergiödəyiciləri üçün eyni yanaşmaların tətbiqinin təmin edilməsidir. Bu, bir tərəfdən, sahibkarlar üçün daha çox sabitliyi təmin edir, digər tərəfdən isə hər iki qurumun fəaliyyətinin səmərəliliyini artırır. Ona görə biz 2023-cü il ərzində buna xüsusi diqqət yetirməkdə davam edəcəyik.