logo

Gələn ay 45 dövlət əmlakı özəlləşdirməyə çıxarılacaq

15:35 29-12-2022 | icon 3472
Gələn ay 45 dövlət əmlakı özəlləşdirməyə çıxarılacaq

Hərraclarda operativliyin təmin olunması özəlləşdirilmə prosesini sürətləndirir. Bu, həm də ölkədə iqtisadi fəallığı artırır, özəl sektorun inkişafına şərait yaradır. Hərrac vasitəsilə əmlak sahibi olmaq istəyənlər üçün seçim imkanı geniş, prosedurlar isə sadədir. Belə ki, müraciət və iştirak üçün əlavə vaxta və məkandan ayrılmağa ehtiyac qalmır. Dövlət əmlakının özəlləşməyə elektron müstəvidə çıxarılması müasir hərracın sərmayəçiyə yönəlmiş üstünlüklərindəndir.

Əmlak Məsələləri Dövlət Xidmətindən YeniAvropa-ya bildirilib ki, Xidmət tərəfindən növbəti hərraclar yanvarın 24, 27 və 31-də keçiriləcək. Bu hərraclara ümumilikdə 45 dövlət əmlakı çıxarılacaq. Onlardan 5-i səhmdar cəmiyyətin səhm paketi, 10-u kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.

Yanvarın 24-də keçiriləcək hərraca çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, kənd klubu da var. Obyektlərin ən aşağı ilkin start qiyməti 1300 manat, ən yuxarı ilkin qiyməti isə 102 min 500 manatdır.

Yanvarın 27-də keçiriləcək hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya, Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1974-2013-cü illəri əhatə edir.

Yanvarın 31-də keçiriləcək hərraca isə müxtəlif rayonlarda yerləşən və fərqli sahələr üzrə ixtisaslaşmış səhmdar cəmiyyətlərinin səhm paketləri çıxarılacaq.

Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı ilə buradan (https://bit.ly/3mmNVpB) tanış olmaq mümkündür.