logo

“Azercell” Bakıda beşinci nəsil şəbəkəsini test rejimində istifadəyə verib

11:55 27-12-2022 | icon 1932
“Azercell” Bakıda beşinci nəsil şəbəkəsini test rejimində istifadəyə verib

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə sadiq qalan “Azercell” Bakıda ilk 5G şəbəkəsini test rejimində işə salır.

Xatırladaq ki, 2019-cu ildə 5G-nin pilot şəbəkəsini Azərbaycanda sınaqdan keçirən ilk mobil operator məhz “Azercell” olub. Şirkət yüksəksürətli yeni nəsil şəbəkəsini Tağıyev küçəsində yerləşən xidmət mərkəzində öz müştərilərinə nümayiş etdirib. Hazırda isə lider mobil operator beşinci nəsil rabitə standartını sınaq rejimində bütün Fəvvarələr meydanı ərazisi boyu istifadəyə verir.

5G lisenziyalı mobil cihazların sahibləri telefonlarının ekranında *595#YES yığmaqla istifadə etdikləri data paketləri çərçivəsində 5G sürətini sınaqdan keçirə bilərlər. Əlavə olaraq, lider mobil operatorun elan etdiyi xüsusi 5G kampaniyası çərçivəsində 2023-cü il yanvarın 31-dək 5G şəbəkəsini test edən abunəçilərə 5GB həcmində internet paketi hədiyyə olunacaq. Hədiyyəlik mobil data paketini müştərilər 30 gün ərzində istifadə edə biləcək.

Beşinci nəsil simsiz rabitə şəbəkəsi 1Gb/s.-ə qədər daha yüksək yükləmə sürəti, ultra-aşağı ləngimə, daha yüksək etibarlılıq, geniş şəbəkə tutumu və daha mükəmməl istifadəçi təcrübəsini təmin edir.

5G dəstəkli “Apple” və “Samsung” smartfonlarında isə bu texnologiyadan ölkə ərazisində istifadə etmək üçün hər iki istehsalçının xüsusi lisenziyası lazımdır. Mobil operator sözügedən lisenziyaları əldə etdikdən sonra istehsalçılar müvafiq proqram təminatlarını yeniləyəcək və bu cihazlarda da 5G-nin yüksək sürətindən yararlanmaq mümkün olacaq.

Ümumiyyətlə, 5G texnologiyası hazırda öz tətbiqini daha çox böyük sənaye şirkətlərində tapır: bura avadanlıqların uzaqdan idarə edilməsi, məsafədən asılı olmayaraq məlumat bazasına ani giriş imkanı və sair aid etmək olar. 5G yerli biznes və sənayelərdə innovativ həllərin sayını mühüm dərəcədə artırmaqla yanaşı, ucdan-uca müştəri təcrübəsinin tətbiqi üçün də daha geniş imkanlar yaradacaq. 5G texnologiyasının istehlakçı seqmentində tətbiqinə gəldikdə isə bu imkanlar bütün dünyada inkişaf mərhələsindədir.