logo

Azərbaycanlə Türkiyə tikinti sahəsində Anlaşma Memorandumu imzalayıb

21:12 22-12-2022 | icon 2723
Azərbaycanlə Türkiyə tikinti sahəsində Anlaşma Memorandumu imzalayıb

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ankara şəhərində qardaş ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüş əvvəlcə təkbətək, sonra geniş tərkibdə keçirilib.

Görüşdə iki ölkə arasında uğurla davam edən strateji müttəfiqlik münasibətlərindən məmnunluq ifadə edilib, bu münasibətlər çərçivəsində iki nazirlik arasında tikintidə təhlükəsizlik məsələləri üzrə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğu vurğulanıb. Həmçinin görüşdə iki qurum arasında tikintidə qiymətqoyma və nəzarət, tikintinin keyfiyyət və təhlükəsizliyinin artırılması və digər məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə “Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlığına dair Fəaliyyət Planı”nın icrası ilə əlaqədar birgə hazırlanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənədlər tikintidə qiymətqoyma sisteminin təkmilləşdirilməsi, tikintidə nəzarət, təbii fəlakətlər nəticəsində tikililərə və infrastruktura dəymiş zərərin qiymətləndirilməsi və aradan qaldırılması, tikintidə innovativ texnologiyaların tətbiqi kimi prioritet sahələr üzrə əməkdaşlıq məsələlərini əhatə edir.