“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
QSC-dən YeniAvropa-ya bildirilib ki, bayram günləri ilə əlaqədar Bakı-Gəncə-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq əlavə qatarlar xəttə buraxılacaq.
Qatarlar Bakıdan dekabrın 30-da saat 19:00-da, dekabrın 31-də saat 09:00-da, yanvarın 3-də saat 19:00-da, Gəncədən isə dekabr 31-də saat 09:00-da və saat 14:30-da, yanvarın 4-də isə saat 09:00-da yola düşəcək.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının cari qrafikində heç bir dəyişiklik edilmir. Qrafik üzrə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 12:25-də Gəncəyə, Gəncədən isə saat 18:00-da yola düşən qatar saat 21:35-də Bakıya çatır.
Xatırladaq ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində qeyri-iş günlərindəki qrafikə uyğun hərəkətdə olacaq.