Dekabrın 19-da Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı Müştərək Komissiyanın 7-ci iclası öz işinə başlayıb.
YeniAvropa xəbər verir ki, iclasa Azərbaycan tərəfindən komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifov, qarşı tərəfdən isə Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin başçılıq etdiyi nümayəndə heyəti qatılıb.
İclasda çıxış edən səudiyyəli nazir ölkəsinin Azərbaycanda bərpaolunan enerji və kənd təsərrüfatı sahələrində layihələrə sərmayə yatırmaq niyyətində olduğunu bildirib.
Nazir qeyd edib ki, bugünkü komissiyanın iclası iqtisadi sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün zəmin yaradır. Həmçinin Səudiyyə Ərəbistanı Krallığının İnvestisiya Fondu işğaldan azad edilmiş ərazilərə investisiya yatırmaqda maraqlıdır.
Müştərək Komissiyanın həmsədri vurğulayıb ki, Azərbaycana Səudiyyə Ərəbistanından gələn turistlərin sayı artıb: “Biz də öz növbəmizdə Azərbaycan vətəndaşlarını ölkəmizə dəvət edirik”.
Öz növbəsində Samir Şərifov qeyd edib ki, Səudiyyə Ərəbistanının İnvestisiya Fondu Qarabağda ərazilərin bərpasına və yenidən qurulmasına maraq göstərə bilər.
O qeyd edib ki, bu gün Azərbaycanla Səudiyyə Ərəbistanı arasında münasibətlər güclü siyasi zəmin əsasında inkişaf edir. Azərbaycan Respublikası Səudiyyə Ərəbistanının işğalçı Ermənistanla diplomatik münasibətlər qurmamasını yüksək qiymətləndirir: “Biz bu mövqeyə görə Səudiyyə Ərəbistanına minnətdarıq”.
Nazir nümayəndə heyətinin dekabrın 18-də Zəngilana səfər etdiklərini və erməni barbarların Azərbaycan torpaqlarında törədilmiş vəhşiliklərlə tanış olduqlarını bildirib.