Əlcəzair Xalq Demokratik Respublikasının baş naziri Aymin Benəbderəhman Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.
Əlcəzairin Baş naziri prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakını iki ölkə arasında yüksək münasibətlərin göstəricisi kimi qiymətləndirib və Əlcəzair prezidenti Abdelmacid Tebbunun salamlarını dövlət başçısına çatdırılmasını xahiş edib.
Energetika naziri Pərviz Şahbazov Əlcəzairlə hərtərəfli, o cümlədən enerji əməkdaşlığının inkişaf etdirilməsinə Azərbaycan prezidenti tərəfindən xüsusi diqqətin yetirildiyini vurğulayıb: “Bu səfər çərçivəsində aparılan ikitərəfli müzakirələr və neft-qaz sahəsində imzalanan əməkdaşlıq sənədi məhz bu siyasətin həyata keçirilməsinə xidmət edir”.
Görüşdə Azərbaycan ilə Əlcəzairin iqtisadi əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi qeyd edilib. Enerji sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb və bu sahədə irəliləyişlərə nail olmaq üçün Əlcəzair hökuməti tərəfindən zəruri dəstəyin göstəriləcəyi vurğulanıb.