Bu gün "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-də Laçın rayonunda Zabuxçay su anbarı, eləcə də magistral boru kəmərinin layihələndirilməsi və tikintisinə dair Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş və Azərbaycanın “Nort Vest Konstrakşn” MMC şirkətləri ilə müqavilələr imzalanıb.
YeniAvropa xəbər verir ki, bu barədə səhmdar cəmiyyətdən bildirilib.
Məlumata görə, mərasimdə qurumun sədri Zaur Mikayılov, sədr müavini Rafiq Aslanov və cəmiyyətin digər nümayəndələri iştirak ediblər.
Z.Mikayılov bildirib ki, layihə tarixi əhəmiyyət daşıyır. Onun icrasından sonra Qubadlı və Zəngilan rayonları ərazisindəki əkin sahələri su ilə təmin olunacaq, işğaldan azad olunmuş ərazilərə yeni həyat gələcək. Həmin ərazilərdə yeni müasir suvarma sistemləri tətbiq olunacaq, onların istismarı üçün məsafədən idarəetmə sistemi (SCADA) qurulacaq.
Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş-nin rəhbəri Cengiz Asim isə bildirib ki, layihə vaxtında və yüksək keyfiyyətlə təhvil veriləcək.
Həcmi 26,7 milyon kub metr olacaq Zabuxçay su anbarından 2023-cü ilin oktyabr ayında ilkin olaraq torpaq sahələrinin bir hissəsi, 2024-cü ildə isə bütövlükdə 12 100 ha torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq.