logo

Nehrəmdə məktəbin uçması nəticəsində 4 nəfər ölüb

20:51 31-03-2022 | icon 11165
Nehrəmdə məktəbin uçması nəticəsində 4 nəfər ölüb

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsindəki məktəbdə baş verən uçqun nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, martın 31-i saat 12 radələrində qəsəbənin 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar içərisində daha bir nəfərin cəsədi aşkar edilərək çıxarılıb. Həlak olan şəxslər 2000-ci il təvəllüdlü Qadir Süleymanov, 1972-ci il təvəllüdlü Həsən Əliyev, 1961-ci il təvəllüdlü İbrahim Məhərrəmov, 1988-ci il təvəllüdlü Asəf Rüstəmovdur. Xəsarət alan şəxs isə 1996-cı il təvəllüdlü Alı Əliyevdir.

Hazırda Babək rayon prokurorluğunda araşdırma davam etdirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək.