logo

Balıq ovuna tətbiq edilən moratorium sentyabrın 1-də bitir

11:08 26-08-2020 | icon 2149
Balıq ovuna tətbiq edilən moratorium sentyabrın 1-də bitir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Su Nəqliyyatında Polis İdarəsi ilə birgə məlumat yayıb.

YeniAvropa -ya daxil olan məlumatda bildirilir ki, balıqların kürüləmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabrın 1-də bitir.

Hər iki qurum sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırır ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə etməlidirlər.

Ov zamanı zəhərli, kimyəvi və partlayıcı maddələrdən, eyni zamanda, qanunla ölkədə dövriyyəsi qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq və digər alətlərdən istifadə edən şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəklər. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər 5 saylı “ASAN” xidmət mərkəzinə müraciət edərək müvafiq icazə sənədini əldə etməlidir. Üzən vasitələr müvafiq qaydada qeydiyyatdan keçirilməli, ovlanmış balıq və digər su bioresursları barədə məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır.